İdman

Yeniyetmələr arasında sərbəst güləş üzrə Saatlı rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Yeniyetmələr arasında sərbəst güləş üzrə Saatlı rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Saatlıda “İdman həftəsi” çərçivəsində sərbəst güləş üzrə yarış keçirilib.

Rayon Gənclər və İdman İdarəsindən bildirilib ki, Gənclər və İdman Nazirliyi tərəfindən cari il fevralın 27-dən martın 5-dək ölkə ərazisində “İdman həftəsi” elan edilib. Bununla əlaqədar olaraq Saatlı rayon Gənclər və İdman İdarəsi tərəfindən bir sıra idman tədbirləri təşkil olunur. Tədbirlər planına əsasən, Saatlı rayon Gənclər və İdman İdarəsi və Saatlı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə sərbəst güləş üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

Açılış mərasimində çıxış edən Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Abdulla Nurəliyev güləşçilərə uğurlar arzulayıblar.

İki gün davam edən yarışda müxtəlif çəki dərəcələri üzrə 50-dən çox yeniyetmə pəhləvan gücünü sınayıb. Qaliblər rayon Gənclər və İdman İdarəsi, Saatlı Uşaq-Gənclər İdman-Şahmat Məktəbi tərəfindən diplomlarla təltif olunublar.